Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







HƏYAT O QƏDƏR QISADIR Kİ, BU ÜZÜNDƏN BAXANDA AZ QALA O BİRİ ÜZÜ - SONU GÖRÜNÜR
Lənkəranda oturub Bakıdan yazan adam...

 

Lənkəranda oturub Bakıdan yazan adam...

 Hafiz Mirzə həm də dünyanın dərdlərini yazır

 

Bu dəfə həmsöhbətim Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu, lakin yazıçı, publisist kimi tanınan Hafiz Mirzədir. Martın 9-da 55 yaşı tamam olan H.Mirzədən öncəliklə bu günü necə keçirəcəyini öyrəndik. Öyrəndik ki, hələ ki, ad gününü böyük təmtəraqla qeyd etməyə haqqı olmadığını düşünür. “Ad gününü təmtəraqla keçirməkdə bir təkəbbürlük var. Axı mən dünyanın hansı söküyünü tikmişəm ki, bununla öyünüb özümə təmtəraqla ad günü keçirim? Nə olsun ki, 400-ə yaxın irihəcmli məqaləm çıxıb, internet saytım var, 8 irihəcmli kitabım çıxıb, minlərlə oxucum var. Amma nə olsun, bundan daha çoxunu edən oğullar var. Mən də edə bilərdim, bu gün edə biləcəklərimin sadəcə 10%-ni etmişəm. Hazırda 12 kitabım var ki, onları nəşr etdirə bilmirəm. Hələ oğlum üçün Bakıda ev ala bilməmişəm, Lənkəranda yaşadığım evdə müəyyən çatışmazlıqlarım varsa, demək ailəm üçün də çox şey etməmişəm. Bütün bunlardan sonra təkəbbürlük etməyə nə haqqım var? Allah da forslu, təkəbbürlü insanları sevmir”.

 

 

Əgər insan kitab oxumursa

 

  Müsahibim publisist olduğundan söhbət də istiqamətini müasir problemlərə doğru dəyişir. Yazılarında bu məsələləri tez-tez qaldıran müsahibim bu gün cəmiyyətdə müşahidə etdiklərinin onu çox narahat etdiyini deyir. “Bir publisist olaraq məni ən çox narahat edən məsələ insanların kütləvi kütləşməsidir. Çünki yeni nəsil ədəbiyyat oxumur. İnsan o zaman inkişaf edir ki, onun söz ehtiyatı çox olur. Elə insanlar var ki, çox maraqlı fikirləri olur, lakin ifadə bacarıqları olmur. Əgər insan kitab oxumursa, özünü ifadə edə bilmir və nəticədə daxilindəki hissləri başqa istiqamətlərə sərf edir. Son zamanlar cinayətlərin artmasının bir səbəbi də bununla bağlıdır. Düşündüyü fikri qarşısındakına çatdıra bilməyənlər məsələni cinayətlə kimisə öldürüb, baş kəsməklə həll edir”.

 

 

Bu təbəqə önəmlidir

 

  Müsahibim bütün bunların keçid dövrünün problemləri olduğunu deyir. Onun sözlərinə görə, keçid dövründə əsas diqqət iqtisadiyyata yönəldi və mənəvi məsələlər unuduldu. “Bu proses bütün keçid dövrü ölkələrində müşahidə olunur. Bunlar dünyanı idarə edən qara qüvvələrin əməllərinin nəticələridir. Onların əməlləri nəticəsində intellektli ziyalılar sıradan çıxdı. Çünki bunları məhv edəndən sonra cəmiyyəti idarə etmək daha asan olur. Ziyalılar cəmiyyətin orta təbəqəsidir. Bu gün isə orta təbəqə sıradan çıxıb. Bu təbəqənin olması çox önəmlidir. Orta təbəqə olmadığından bu gün qəzet və televiziyalarda özünə yer tapan insanların böyük bir qismi ziyalılar yox, məddahlardır. Gənc nəsil bütün bunlara baxıb nə öyrənə bilər? Uşaq baxır ki, evdə valideynlər ancaq maddi problemlərin həlli haqqında düşünürlər, tv-lər, ancaq konsert, şou verir, həmin uşaq necə tərbiyələnə bilər? Bunları görən gənc kitabdan, ədəbiyyatdan uzaqlaşır, beləliklə kütləşmə yaranır. Küt insan da hər zaman çox qəddar olur”.

 

 

İdeologiyasızlıq var

 

  H.Mirzə millət olaraq simamızı, xarakterimizi itirməyimizdən də narahatdır. O, oxumaqdan, dəyərlərdən uzaqlaşan millətin itirdiklərini geri qaytarmaq üçün yeganə çıxış yolunu dində tapmasının da təhlükəli olduğunu düşünür. “Çünki həddən artıq dinə tapınmaq da fanatizm yaradır. Bu da gəncləri real həyatdan uzaqlaşdırır: “Dini təbliğatın əleyhinə deyiləm, amma hər işdə balans qurulmalıdır. Gənclər dini, milli dəyərləri də öyrənməklə yanaşı dünyada gedən proseslərə də qoşulmalıdırlar. Dünyaya çıxmalı, sosial şəbəkələrdə aktiv olmalıdırlar. Beynəlxalq aləmə çıxarkən də yalnız müsbət cəhətləri götürməlidirlər. Qəbul olunan bütün yeni adətlər milli dəyərlər süzgəcindən keçirilməlidir. Həmin süzgəcdən keçməyənlər qəbul olunmamalıdır. Bu gün özlərini postmodernist yazarlar adlandıran , lakin bundan tamamilə xəbərsiz olanlar deyirlər ki, biz bütün milli-mənəvi dəyərlərdən imtina etməliyik, bunlar bizi pis günə qoyur. Amma bunu deyənlər Avropanın ən geridə qalmış, onların özlərinin belə uzaqlaşmaq istədiyi mədəniyyətləri ölkəyə gətirmək istəyirlər. Ümumiyyətlə, cəmiyyətdə bir ideologiyasızlıq var. Yeganə ideologiya isə dindir. Bunun isə müəyyən fəsadları ola bilər”.

 

 

Qütbləşən publisistika nə vəd edir?

 

  Cəmiyyət, din, təhsil-müxtəlif mövzulara toxunduq. Bəs bütün bu problemləri əks etdirən jurnalistika hansı vəziyyətdədir? O üzərinə düşən vəzifəni layiqincə yerinə yetirirmi? “Bu danışdığımız problemlərin hamısı jurnalistikada da var. Çünki jurnalistika həyatın özünü əks etdirən bir vasitədir. Bu gün jurnalistikada da üç qütblük var. Bir qisim “neolar, digər qisim həddən artıq radikallar-bunlar həm də siyasiləşmişlərdir, üçüncü qisim isə balans yaradan mərkəzçilər. Bu gün də qəzetlərin əksəriyyəti qütbləşdiyindən, onlar ədalət, düzlüyə yox, öz qütblərinə xidmət edirlər. Onlar həqiqətin gözünə düz baxa bilmirlər. Həqiqətə xidmət edənlər isə orta təbəqədir ki, onlar da hər iki qütb tərəfindən vurulur. Bu cür yaşamaq isə çox çətin olur. Müasir publisistikada mərkəzçiliyə iddiaların azlığı qütbləşməni artırıb”. Bəs bu qədər qarışıq bir publisistik şəraitdə “sağ” qalmaq, doğru yolu tapmaq üçün nə etməliyik? “Bunun üçün sadəcə həyatı bilmək, həyatdan baş çıxarmaq, insanları tanımaq lazımdır. Mənim həm iqtidar, həm müxalifətdən olan dostlarım var. Amma müəyyən məsələlər olur ki, mən həm müxalifətə, həm də iqtidara müxalif ola bilirəm. Belə olmaq çox çətin olsa da, ən münasibi budur. Çünki bizi sadəcə siyasi yox, həm də insani münasibətlər birləşdirir. İqtidar və ya müxalif olmasından asılı olmayaraq bizi vətənpərvərlik, milli-mənəvi dəyərlər maraqlandırır”.

 

 

“Bütün sosial şəbəkələrdə varam”

 

  H.Mirzə qəzetimizin Cənub bürosunun rəhbəri olsa da, yazılarının əksəriyyəti Bakının problemlərinə, dünyanın dərd-sərinə  həsr olunub. O bunun heç də çətin olmadığını deyir. “Bəlkə də, 100 məqalədən 2-3-ü Lənkəran mövzusunda olur. . Düşünürəm ki, Lənkərandan yazmaq çox asandır. Bu gün internetin verdiyi imkanlar paytaxtla əyalət arasındakı məsafəni aradan qaldırıb. Mən də bu üstünlüklərdən bəhrələnirəm. Təkcə Bakı yox, Türkiyə, Rusiya, İran və digər ölkələrdə cərəyan edən hadisələrdən yazıram. Demək olar ki, bütün sosial şəbəkələrdə varam. Burada yazılarımı paylaşıram, fikirlərimi insanlara yayıram. Amma bu şəbəkələrdən siyasi, tanışlıq, təxribat üçün də istifadə edənlər az deyil. Bu gün massonlar internetdən dünyanı qarışdırmaq üçün istifadə edirlər. Onların yaydıqları ideyalar, dünyanın qloballaşdırılması məqsədləri millətlərin özlərinəməxsus əlamətlərini aradan qaldırmağa xidmət edir. Eyni cür düşünür, geyinən, eyni xasiyyət və simalı insanlar yaradıblar ki, bütün bunlar çox bəsit və yorucu görünür. Lakin biz internet, sosial şəbəkələrdən dünyaya inteqrasiya olunmaq, dəyərlərimizi təbliğ etmək üçün istifadə etməliyik. Bu gün sorğu keçirsək görərik ki, gənclərin çox az bir hissəsi dünya informasiya məkanına inteqrasiya olunmaq, maraqlı yazılar oxumaq, bilik, savad və dünyagörüşünü artırmaq üçün internetdən istifadə edir. Ümumiyyətlə insanların gördüklərindən yaxşısını seçə bilmələri üçün maariflənməyə ehtiyacları var. Bu maarifləndirməni də publisistika etməlidir. Lakin sözün deyiliş üslubunu da bilmək lazımdır. Maarifləndirərkən elə sözlər seçilməlidir ki, insanlara təsir etsin”.

 

 

Ailənin hökmdarı kimdir?

 

  İki qızı, bir oğlu, bir oğlan, bir qız nəvəsi var müsahibimin. Qızlarından biri yolunu davam etdirmək istəsə də razi olmayıb, onu bu fikrindən daşındırıb. Qızlarının ikisi də ali təhsil alan Hafiz Mirzə deyir: “İstəmədim ki, yaşadığım bu çətinlikləri o da yaşasın. O, Azərbaycan qadını kimi yaxşı ana, həyat yoldaşı olsun”. Bu məqamda ailədə kimin hökmran olmasını öyrənirik. “Təbii ki, mən” deyir. “Hökmdar deyəndə yəni, son sözü deyən mən oluram. Həyat yoldaşım çox ağıllı qadındır, bəzi məsələlərdə onun da fikrini öyrənirəm, amma son sözü mən deyirəm. Bizdə qayda belədir və düşünürəm ki, belə də olmalıdır . Hər yerdə bir başçı olmalıdır. Qadın çox zərifdir, cəmiyyətin yükünü onların çiyninə qoymaq kişiyə yaraşmaz. Ailədə və cəmiyyətdə qadının qadın, kişinin kişi rolu var. Onların hüquqları və rolları heç zaman bərabər ola bilməz. Mən ata-babadan belə görmüşəm. Bir ailədə iki rəhbər olsa, həmin ailənin sonu olmur. Qızlarımız üçün Azərbaycan qadını adından daha gözəl ad ola bilməz. 124 min peyğəmbər olub və onların da hamısı kişi olub, lakin onların hamısını dünyaya gətirən qadın olub. Məhəmməd Peyğəmbər də deyib ki, Cənnət anaların ayaqları altındadır. Düsünürəm ki, qadına bundan böyük qiymət verilə bilməz”.

 

 

Mənə ilk növbədə həyat yoldaşım itaət etdi”

 

Bəlkə də, kişilərin qadınları hər zaman zərif, incə məxluqlar adlandırmaqla onların onları daha asan təsir altına salmaları üçün bir yalan olduğunu düşünürük. O bununla razilaşmır. “Bu gün bizim milli-mənəvi dəyər dediyimiz məsələlər minilliklərin sınağından keçib gəlib. Boş, cəfəng, ailənin ziyanına olan proseslər illərin sınağından keçib gələ bilməz. Bu gün Şərqin ailə modeli Qərbin ailə dəyərlərini üstələyib, Qərbdə ailəsizləşmə prosesi gedir. Bizim cəmiyyətdə isə ailə məsələlərində özünəməxsus üstünlükləri var. Məsələn, Şeyx Şamildən tez bir zamanda necə belə qüdrətli olmasının səbəbini soruşanda o deyir, “mənə ilk növbədə həyat yoldaşım itaət etdi, nəvaziş göstərdi, hörmətimi saxladı, ailənin digər üzvləri də ona baxdılar, mənə hörmət etdilər. Daha sonra eyni hörməti qonşularım və ətrafımdakı digər insanlar göstərdi. Hamıdan əvvəl həyat yoldaşım məni Şeyx Şamil etdi” cavabını verir: "Ona görə də kişini kişi edən onun qadınıdır”. Bu mövzuda söhbət xeyli uzandı və sonda müsahibimin qadın-kişi hüquqları ilə bağlı düşüncələri belə oldu. “Nə qadın, nə də kişinin hüququ digərindən çox olmamalıdır. Hər şey bunların vəhdətində olmalıdır”.

 

 

Oxunuram…

 

  Söhbətimizin belə uzun olmağı yadıma müsahibimin yazılarını salır. Ondan yazıların həcminin böyük olmasının oxucu sayına təsir edib etmədiyini öyrənirik. Çünki bu gün internet əsri olduğundan insanlar böyük məqalələri oxumağa maraqlı olmurlar. Müsahibim tapşırılan yazını yaza bilmirəm, yazsam da istədiyim nəticə alınmır,-deyir. Yazdıqlarının həcmi oxunmağa təsir etmir. “Hələ yazdıqlarımın çoxunu ixtisar edirəm. Məqsədli şəkildə böyük yazmıram. Oxumaq məsələsinə gəlincə oxuyanlar var. Kitablarım da böyük həcmli olur. Amma oxunur. Mövzu onu tələb edir, mən də çox yazıram”.

 

 

 

  Gülxar Şərif ( “OLAYLAR” )

 

 

 

 

 

 

 

 

 

 

 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai