Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







HƏYAT O QƏDƏR QISADIR Kİ, BU ÜZÜNDƏN BAXANDA AZ QALA O BİRİ ÜZÜ - SONU GÖRÜNÜR
3750 illik bədii tarix

       DÜNYANIN 3750 İLLİK BƏDİİ TARİXİ - EPİK-PUBLİSİSTİK DÜŞÜNCƏLƏR ROMANI

 

   

 

       Möhtərəm oxucu! Minillərdir ki, insan özünü və dünyanı dərk etmək yolunda və buna görə də iztirablar dənizində üzür və bu dənizin sahilinə çıxmağa can atır. Bu dənizin suları da suallardan yoğrulmuşdur. Cavablar isə haradasa sahildə olmalıdır. Bəşəriyyətin bəlli tarixi boyunca idrak və ürfan sahibləri "bəşərin dərdi" və "dünya kədəri" ilə yaşayıb, xilqətin əvvəli və sonu barədə rəngarəng düşüncələrinin sərgiləyiblər. Yaradılmış hər bir möhtəşəm bədii əsər buna xidmət etməmişdirmi? Oxucunu həmişə özünün maraqlı və dərin mənalar çələngini xatırladan qeyri-adi əsərləri ilə heyrətləndirən yazıçı-publisist Hafiz Mirzənin diqqətinizə təqdim olunan "Son və başlanğıc" romanı da həmin silsilədəndir. Əsərin bədii məziyyətlərindən Ən əsası onun çağdaş reallıqlara aydınlıq gətirməsi, müasir dövrün ictimai-siyasi dramatizmi fonunda "bəşəriyyətin dərdi", "dünya kədəri" barədə fəlsəfi-publisistik düşüncələrə meydan açmasıdır. Epik-publisistik səciyyə daşıyan bu əsər xəyali və fantastik lövhələrlə də zəngindir. Elə təkcə büsbütün böyük və incə məqamlarla zəngin tarixi hadisələri, həm də az toxunulmuş, üzərindən sükutla keçilmiş və ya ideoloji məqsədlərlə təhrif olunmuş şəkildə verilmiş hadisələri önə çıxartması da bu əsərin dəyərini kifayət qədər yüksəldə bilərdi. Lakin iki hissəli bu böyük roman bütövlükdə dünyanın da ən böyük iki sualına cavab axtarır: hər şeyin sonu və başlanğıcı ilə bağlı suallara. Həyatda hər şeyin bir başlanğıcı və sonu var. Dünyanın da başlanğıcı olmuşdur. Lakin o barədə insanlığın bilgiləri ehtimallara əsaslanır və qeyri-dəqiqdir. Buna baxmayaraq dünyanın sonu barədə düşüncələr həmişə diqqət mərkəzindədir. İnsanlıq bunun cavabını daim axtarır və bunun necə baş verəcəyi barədə düşünür. Bu sualın cavabı dini kitablarda daha səhihdir. Amma bunun birdən birə baş verəcəyi və Yaradanın öz tərəfindən olacağı ağlasığmazdır. Böyük yaradan bir gün dünyanı dağıdacaqdısa, onu yaratmasının mənası olmazdı. Allah-təala insanı təkcə öz taleyinin ümidinə də buraxmamışdır. O insanı faili-muxtar - öz əməllərində azad qərar vermişdir. Ən böyük taleyi insan öz əməlləri ilə qazanır. İnsan öz əməllərinin sahibidir. Eləcə də dünyanın taleyi insanlığın öz əlindədir. Bu dünya ona əbədi ərməğan kimi bəxş olunub. Təbiətin son yüz illiklər ərzində bunca dəyişməsi heç də yerin öz təbiətində baş verən proseslərin nəticəsi deyildir. Ötən min illiklər ərzində dünyanın maddi inkişaf baxımından hədsiz dərəcədə zənginləşdiyi inkar edilməzdir. Lakin dünyanı zahirən zənginləşdirən bu elm və texnika doğru əsaslar üzərində inkişaf edirmi? Onun inkişafı təbiətin təməl prinsiplərinin əleyhinə yönəlməmişdir ki? Əgər elə deyilsə, ötən minilliklər ərzində bəs nədən sirri açılmayan çoxlu suallar hələ də yığılıb qalmışdır. Nə qədər zəngin sayılsa da hələ heç təbiətin bir zərrəsi olan insanın özü tam öyrənilib başa çatmamışdır. Halbuki insan digər 18 min aləmi də mükəmməl tanımalı, bilməli, sıx ünsiyyətdə olmalı idi. Öz beyninin imkanlarından cəmi 3-5 faiz istifadə edə bilməsi də əslində bəşər elminin düzgün əsaslarda inkişaf etmədiyinin göstəricisi deyilmi? Eləcə də minilliklərdir insanlığı qarşılıqlı münasibətlər çərçivəsində idarə edən mənəvi keyfiyyətlər yaranmışdır. Bu mənəvi keyfiyyətlər insanı heyvandan fərqləndirən və qanunlar halına düşərək cəmiyyəti formalaşdıran çox mühüm amildir. Lakin bəşəriyyətin qazandığı bu mənəvi keyfiyyətlər İlahi İradənin insanlıq üçün müəyyən etdiyi əsas prinsiplərin, yəni dini kitablar vasitəsilə təlqin olunan qayda və cəhətlərin ziddinə istiqamət götürmüşdür. Düzgün istiqamətdədirsə, bunca müharibələr, qətllər, cinayətlər, zülm və məhrumiyyətlər nədən yaranmışdır? Təbiətdə öz həmvarlığını insan qədər məhv edən və buna çalışan ikinci bir canlı varmı? Halbuki o dünyanın əşrəfi, yegənə şüurlu varlığı sayılır. Təkcə insan üçün İlahi kitablar göndərilmişdir. Amma Öz ibadətində kamil olardısa, insanlıq bir xristian və ya müsəlman olaraq ötən bu qədər vaxt ərzində daha mükəmməl formalaşmazdımı? Yəni o daha çox humanist, xoşrəftar, mükəmməl zəkalı və müdrik olmazdımı? Ötən vaxt ərzində bəşəriyyət əslində dindən və Allahdan daha uzaq düşməmişdirmi? Dünyanın müasir günü bütün bu kimi sualları doğuran səbəblər üzərində qurulduğu halda sonu da məhz bunlardan asılı deyilmi? Hafiz Mirzə əsərdə bu kimi sualların cavabını axtardıqca dünyamızın düşmüş olduğu mövcud mənəvi pozğuntular, dəyərlərin aşınması və ciddi kataklizmlər dövrünün onu sona apardığını çox maraqlı bədii hadisələrin aqibəti olaraq verməyə çalışır. İnsanlıq yarandığı gündən Xeyirlə Şərin arasında öz seçimini edərək irəliləyir. Amma o daha çox hansına istinad etmişdir? Dünyanın aqibəti də məhz bundan asılıdır. Mövcud insan yüz il əvvəlki qədər daha kamil iman sahibidirmi? "Son və başlanğıc" romanında bu böyük suallara da sadə cavab axtarılır. Cavab isə qətidir: bəşəriyyət özünün əsil yolundan sapınmışdır və tədricən dünyanın və özünün sonuna doğru yaxınlaşmaqdadır! Tezliklə və hamılıqla bunun qarşısı alınmazsa, sonra hər şey gec olacaqdır. Bütün bu kimi sualları və səbəbləri əsas götürərək müəllif bu roman vasitəsilə bəşəriyyətin aqibəti haqda həyəcan siqnalları verməyə çalışır. Sübut üçün müraciət etdiyi tarixi hadisələr də özünün günah yükü ilə fərqlənir. Müəllifin əsas çatdırmaq istədiyi də budur: bəşəriyyətin törətdiyi günahlar (haqsızlıqlar, ədalətsizliklər, qəbahətlər) dünyanın sonuna səbəb olacaq. Əsərin "Böyük günahlar" adlı birinci hissəsi İsa Məsihin son günləri və qətlə yetirilməsi hadisələri ilə başlayır. Sonun başlanğıcı kimi məhz bu tarixin götürülməsi şərti xarakter daşıyır. Müəllif İsa Məsih dövrünü, İncili, xristianlığı çox mükəmməl öyrənmiş və dolğun hadisələrlə qələmə almışdır. İsa Məsihə aid edilən hadisələr romandaxili hekayətlər kimi təqdim olunur. Bu parçalarda bəşəriyyətin bir peyğəmbəri qətlə yetirməklə çox böyük günah qazandığı ifadə edilir. Hər bir günahın əvəzi, cavabı verilməlidir. Amma nə vaxt? Elə günahlar var ki, onlar təkcə insanın öz taleyini deyil, həm də bəşəriyyətin və dünyanın aurasını, taleyini ağırlaşdırır, qaraldır. Təəssüflər olsun ki, xristianlıq az sonra əsil İsa Məsih yolundan sapınır və başqa istiqamət götürür. İnsanlığın bütün əzablarını, ağrılarını öz üzərinə götürən və hamıya sülh, azadlıq, əmin-amanlıq gətirmək istəyən İsa Məsihin davamçıları sonradan bütün bunların əksini gerçəkləşdirir; dünyanı müharibələrə, Səlib yürüşlərinə, qisasa, qətliamlara, dünya malına və ağalığına sürükləyir. İnsanlığın öz içində həm də İblisə yer ayırması qazandığı savab əməllərin dərəcəsini azaldır, hətta onu sıradan çıxardır. Daxili ziddiyyətlər içərisində çabalayan, özünü bütünlüklə böyük həqiqətə həsr edə bilməyən insanlığa ərmağan göndərilmiş yeni bir İlahi din olan İslam da əslində olduğu kimi qəbul edilmir. Çünki insan İblisin doğurduğu dünya həzlərinini əsarətindən qurtula bilmir. Dünya tarixinə İslam peyğəmbərinin qədəm qoyması, ona ilk vəhylərin verilməsi və bu zaman cəhalətlə qarşılaşması və amansız zərbələr altında qalması, özünün, ailəsinin, yaxınlarının başına gətirilən zülm, haqsızlıq və cinayətlər çox maraqlı hadisələrin fonunda qələmə alınır. Romanda dünya tarixinin ən mühüm məqamlarına qədər böyük günahlar tapılıb, ortaya çıxarılır. Yeni doğulan qız uşaqlarını diri-diri dəfn edən bədəvi ərəblərdən tutmuş mədəni Avropanı dünya hakimiyyəti uğrunda döyüşlərlə parçalayan, müharibə və qan-qadaya bürüyən vandallara kimi heç kəs bu dünyanın başına bəlalar açdıqlarının fərqində deyil. İnsanlıq yaşlandıqca kamilləşmək, daha böyük müsbət dəyərlərlə birləşmək və paklaşmaq əvəzinə yalnız bölünmək, ayrılmaq, şəhvət, ədavət aparmaq, hakimiyyət əldə etmək, sonuncu şəxsə qədər parçalanmaq yoluna üstünlük verir. Frank imperiyasının parçalanması, xristianlığın iki yerə ayrılması və ilk Səlib yürüşləri də bunun nümunəsidir. Böyük Monqol imperatoru Çingiz xanın istilaçı müharibələrinin, tökülən nahaq qanların, qazanılan qarğışların aqibəti kimi öz xalqını sayca tükəndirməsi əslində heç də onun böyüklüyünə və qəhrəmanlığına dəlalaət etmir. Hər bir əməlin enerji yükü olduğu kimi bu kimi Böyük günahlardan da kainata mənfi enerji yüksəlməkdədir. Günahsız insanların tapdanan haqları, qopan ah-naləsi, zülm, ədavət dünyanın aurasını durmadan ağırlaşdırır, enerji balansını daha kəskin şəkildə pozur. Amma yenə də kimsə bunun fərqində deyil. İlk Moskva Kremlini tikmiş azərbaycanlı memar Əliş bəy bu böyük xidmətinin müqabilində ona dinini dəyişmək təklif olunur. O bundan imtina etdikdə Kremlin tikilməsi bir müsəlman türkün adı ilə bağlanmasın deyə əyanlar yemək süfrəsi arxasında qəflətən onun başını kəsirlər. Fransanın anlamadığı və haqqı tapdalanaraq məhv edilən Janna D"arkın hekayəti də çox mətləblərin üzərinə aydınlıq gətirir. Eləcə də şərqli alim Nəsirəddin Tusinin yaratdığı xəritə ilə Amerikanı Xristofor Kolumbun əslində ikinci olaraq kəşf etməsi və bu kəşfi yalnız öz adına çıxaraq çox böyük haqsızlığa səbəb olması da müəllifin nəzərindən qaçmamışdır. Halallığın olmaması ucbatından öz sağlığında bu kəşf üzə çıxmamış, heç qitə də onun adına verilməmişdir. Fateh Sultan Mehmetin Konstantinopolu fəth etməsi zamanı əldə olunan böyük uğurla yanaşı osmanlı Türkiyəsi üçün bir böyük və tarixi uğursuzluq da miras qoyması bu qədim şəhərin türkçülüyə və İslama yad mentalitet əlavə etməsi kimi təqdim olunur. Ümumiyyətlə, bu romanda indiiyədək yazılmamış çox böyük tarixi həqiqətlər və onların üstünün qapanması ilə yaranan böyük haqsızlıqlar qələmə alınmışdır. Qraf Deverin "Uilyam Şekspir" təxəllüsü" də bu qəbildən olan bədii parçalardandır. Böyük əsərlər müəllifi heç də adı qeyd olunan şəxs deyil, onun adı ilə əsərlər yazmış Qraf Eduard Deverdir. Bu böyük haqsızlıq hələ də aradan qaldırılmır, bu isə dünyanın günah yükünü daha da ağırlaşdırır. Səfəvi hökmdarı Şah İsmayılın Çaldıran düzündə iki qardaş xalqın birlik görüşünə getdiyi halda amansız döyüşlə, onun nəslindən olan digər səfəvi şahı II Təhmasib Mirzənin isə seçkili və ədalətli hakimiyyət qaydası tədbiq etmək istədiyi halda Nadir şah Əfşar tərəfindən dövlət çevrilişi ilə qarşılaşması romanın ən maraqlı parçalarından sayıla bilər. Avropanı qan dənizində boğan, özü isə Jozefina adlı bir əxlaqsız qadının məhəbbətinə qurban olan fransız imperatoru Napoleon Bonapartın bəşəriyyətə qazandırdığı böyük günahlar da romanda nəzərdən qaçmamışdır. "İki nəfər üçün bir azadlıq" hekayətində vaxtı ilə qul edilmiş, amma ötən vaxt ərzində bir-birini tanımadan indi boks rinqinə rəqiblər kimi çıxmış afrikalı ata ilə oğulun bir nəfərlik azadlıq uğrunda döyüşə məcbur edilməsi insanlığın daha bir ifşası səciyyəsini daşıyır. Dünyanın bir sıra xalqlarının azadlığını qəsb edərək Nyu-York şəhərində "Azadlıq" abidəsi ucaldan ABŞ-in bəzi dairələrinin imperialist siyasəti bu əsərdə kəskin tənqid olunur. Hər günah daha böyük günahların yaranmasına rəvac verir. Bolşevizmin banisi Vladimir İliç Leninin törətmiş olduğu, lakin əvvəllər heç yerdə bu qədər çılpaqlığı ilə yazılmamış həqiqətlər, eləcə də sonuncu rus çarı II Nikolayın günahsız ailəsinin qətlə yetirilməsinə aid edilən bədii parçalar da dünyanın böyük haqsızlıqları kimi təqdim olunur. Əsərdə I Dünya müharibəsi zamanı baş vermiş erməni və türk qətliamları da geniş tənqid edilir və böyük bəşəri günahlar sırasında verilir. Adi bir bazar alverçisi Musaboylunun haqqını tapdalamaq, oğurluq və qətllər üzərində kasıbların haqq-ədalət dövlətini qurmaq iddiasında olan bolşevik lideri İosif Stalinin sonralar bu minvalla əslində yalnız qırmızı represiyalar dövləti yaratması tarixi qanunauyğunluq kimi əks olunur. II Dünya müharibəsinə həsr olunmuş povestlərdə bəşəriyyətin on milyonlarca insanın öldürülməsi, yandırılması, eksperimentlər və qətliamlar hesabına böyük günahlar qazanması romanda maraqlı hadisələrin fonunda təsvir edilir. Haqlı olaraq II Dünya müharibəsi insan əti çəkən "ət maşını" adlandırılır. Bəşəriyyətin apardığı bu böyük müharibənin nəticəsi olaraq kainata daha güclü qara və mənfi enerji yüksəlir. Bu az imiş kimi müəllif XX əsrin sonlarından etibarən dünyada III Dünya müharibəsinin cərəyan etdiyini, kapitalizmin sosializm üzərində müharibə apardığını isbata yetirməyə çalışır. Bütün bunlar az imiş kimi insanlar təbiəti də dağıdır, ekaloji fəlakət bütün dünyanı bürüyür. Nəticədə atmosfer qatları eroziyaya uğrayır. Bəşəriyyətin əsər boyu isbata yetirilən böyük günahları kainata çox yüksək gərginlikli mənfi enerji ucaltdığı üçün bu enerji Yerin süni peyki olan, mənfi xassəli Aya da təsir etməkdədir. Bu isə Ayın Yer tərəfindən daha güclü cəzb olunmasına səbəb olur. İnsanlığın texniki nəaliyyətləri ilə yanaşı qazanmış olduğu mənəviyyatsızlıq nəinki Yer həyatında, eləcə də kainatda İlahi tarazlığı pozur və nəticədə dünyanı əsil inkişafa deyil sonuna doğru aparır. Romanın bundan sonrakı II hissəsi "Dünyanın aqibəti" adlanır və daha çox elmi- fantastik, bir qədər də macəra xarakteri daşıyır. Bu hissə daha bir-birindən fərqli süjetə malik povestlər kimi deyil, bitkin, ardıcıl hadisələr formasında təqdim olunur. "Atılan daşların yığılma zamanı" adlı parçada sanki bəşəriyyət hesabat verir. Nəticə isə fəlakətə bərabərdir. Dünya bəşəriyyətin qazandığı mənəviyyatsızlıq içərisində çabalayır. Müqəddəs sayıla biləcək hər şey artıq məhv edilmiş, din-iman yaddan çıxmış, əxlaq pozğunluğu hər yanı bürümüşdür. XXXV əsrin sonlarında artıq kilsələr dağıdılmış, ədəbiyyat unudulmuş, mədəniyyət və incəsənət bayağılaşmış, insanlar əslində vəhşiləşmişlər. Ekoloji fəlakətlər qlobal istiləşməyə səbəb olmuşdur. Nəticədə Şimal Buzlu okeanın buzları əriməyə, dünya okeanlarına yayılmağa başlamışdır. Buna görə də dünyanın sahil kənarında olan əksər şəhərləri su altında qalmışdır. Dünyanın ən böyük dövlətləri XX -XXV əsrlərdə özlərinin kiçik dövlətlərə qarşı apardıqları parçalanma, etnik münaqişələr və milli ədavət siyasətinin qurbanına çevrilmişlər. İqtidarların və müxalif siyasətçilərin hakimiyyət uğrunda apardığı əxlaqsız siyasətin nəticələri özünün bəşəriyyət üçün acı bəhrəsini üzə çıxartmaqdadır; artıq heç kəs kimsəyə inanmır, harınlıq və nifrət hissi ilə yaşayır, hamı bir-birinə qənim kəsilir. İblis bəşəriyyətin üzərində tam hökmranlıq etməkdədir. Artıq dünya ölkələrinin xəritəsi də çox dəyişmiş, ərazi ölçüləri və dövlət sistemləri qismən sıradan çıxmışdır. Bir sıra böyük dövlətləri ən müdrik və ən düzgün şəxslər deyil, hətta ən pozğun olsa belə, ən populyar qadınlar, müğənnilər, idarə edir. Dünyanın ən çox inkişaf etmiş sayılan ölkələrində əslində anarxiya hökmranlıq etməkdədir. Lakin bütün bunlara laqeyid qallmayan şəxslər də var. Tibet kahini XXXII Dalay-Lama 3550-ci ildə meditasiyaya dalaraq bu minvalla gedən dünyanın aqibətini görməyə çalışır. Onun görüntüləri keçmişə ekskurs etməklə gələcəyə köklənmişdir. Məlum olur ki, bəşəriyyət bu minvalla davam etdirərsə, ən uzağı iki yüz ildən sonra dünya od fəlakətinə düşə və məhv ola bilər. Tibet kahinləri bəşəriyyətin bütün elmi potensialını toplayaraq keçmişini düzgün analizini verə biləcək və dünyanı xilas etməyi bacaracaq son dərəcə gizli bir təşkilat- Ali Elmi Məkan (AEM) adlı çox pilləli struktur yaratmağa çalışırlar. Onlar bundan ötrü Tibet dağları qoynunda böyük və gizli monastrlar yaradır, dünyanın müxtəlif yerlərindən ən yeni texniki cihazları və yüksək elmi potensiallı alimləri toplamağa başlayırlar. Seçilmiş şəxslər mühafizə olunur, yetişdirilir və yeddi pilləli bu gizli təşkilata cəlb olunur. Bu təşkilatın 7-ci pilləsi ən ali məkan sayılır. Onlar 7-ci mərhələyə yüksəlmək üçün gerçək dünyada ölmüş hesab olunurlar. Bu şəxslərin heç birinin şəxsi marağı və həyatı yoxdur. Onlar Tibet kahinlərinin yaxından yardımı sayəsində və yüz illərə sığan zəhmət bahasına son dərəcədə məxvi, həm də son dərəcədə mükəmməl bir elm məkanı yaradırlar. Buraya cəlb olunmuş 7 alim uzun illər bəşər elminin ən böyük nəaliyyətlərini toplamaq və insan zəkasının qəbul edə biləcəyi formada kodlaşdırmaqla məşğul olur. Artıq 3750-ci ildir. Göydəki Ay minilliklər ərzində toplanmış mənfi xassəli bio-enerji hesabına artıq öz oxundan çıxmışdır. Yerdən bəşəriyyətin bəd əməllər sayəsində yüksələn mənfi enerjisı Ayı daha artıq yaxına cəzb etməyə -çəkməyə və sıxmağa başlamışdır. Bu vəziyyəti müzakirə edən müdriklər bütün dəgər işlərini saxlayır və dünyanın xilas yollarını arayırlar. Ali Elmi Məkanın müdrikləri əvvəlcə bəşəriyyəti yalnız mənəviyyat inqilabı hesabına xilas etməyin mümkün olması nəticəsinə gəlirlər. Bundan ötrü dünyanın 5 qitəsində qalmış ən təmiz, ən pak və ən ümidverici şəxsiyyətini tapmaq, AEM-a gətrimək, burada yüksək təlimlərlə hazırlamaq, sonra isə mənəviyyət inqilablarına başlamaq üçün öz qitələrinə göndərmək qərara alınır. AEM-in Dünya İnformasiya Mərkəzinin texniki imkanları bütün ölkələri vizual nəzarət altında saxlamağa imkan verir. Bəşəriyyət sülh, mehribançılıq, dostluq, qardaşlıq, Allaha ibadət, bir-birlərinə dualar və yaxşılıqlar etməklə kainata böyük gərginlikli müsbət bio-enerji yüksəldə və dünyanı xilas edə bilər. Onların tapılması üçün 5 qitəyə səfər edən müdriklərin başına müxtəlif hadislər gəlir. Onlar yaş etibarı ilə çox qoca sayılsalar da, əslində kifayət qədər mükəmməl müdafiə və fövqəlbəşər keyfiyyətlərə malik şəxsiyyətlərdir. Bunun sayəsində onlar fəlakətlərdən uğurla qurtula bilirlər. Lakin 5 qitənin yalnız ikisində həmin pak şəxsiyyəti tapmaq və AEM-ə cəlb etmək mümkün olur. Bunlardan biri Nyu-York şəhərində bir kilsəyə sığınmış Mariya Edmond Paolo adlı bakirə qız, digəri isə Misirin Əl-Əzhar məsçidində dini təhsil alan Mahmudəli Bəycan adlı bir qafqazlı tələbədir. Mariyanı İblisin nökərlərinin əlindən xilas edə bilən müdrik Delıyver Cuna "Azadlıq" heykəlinin partladılması ilə sonuclanan qanunauyğun aqibətinin şahidi olur. Pöfekt Aza adlı digər müdrik isə Mahmudəli Bəycanla birlikdə sonuncu həcc ziyarətinə çıxası olur. Günahkar bəndələrin qara əməllərinin ucbatından Kəbədəki "Qara Daş" da artıq öz yerində qərar tutmur və qopub Kəbənin üstünə qalxır. Bu zaman yalnız Mahmudəli Bəycan havaya yüksəlib, onu qolları üstünə alır və gətirib öz yerinə qoyur. Bunu görən gizli təşkilat Mahmudəlini oğurlayır, onun şəxsində yeni bir dinin elan olunmasına çalışır. Pöfekt Aza Mahmudəlini xilas edir və Ali Elmi Məkana gətirir. Ancaq artıq gecdir. Mənəviyyat inqilablarına başlamaq üçün tələb olunan böyük zaman itkisinə vaxt çatışmır. Ay Yerə çox yaxın gəlmiş və onun tərəfindən son həddə qədər sıxılmışdır. Çox qısa zamandan sonra Ay parçalanıb Yerə tökülə və onu od fəlakətinə məruz qoya bilər. AEM -in növbəti qərarı bütün bəşəriyyətə müraciət edərək dünyanı sülh və tövbə gününə çağırmaqdan ibarət olur. Lakin bəşəriyyət bu çağrışlara əhəmiyyət vermir. AEM-dəki mağarada yüz illərdən yadigar qalan bir naməlum uçan obyekt vardır. Bu obyektin tədqiqatı da uzun illərdir ki heç bir nəticə vermir. Nəhayət bu son günlərdə gəmi qəflətən öz sirrini açmağa başlayır. AEM-dəki xüsusi qurğular bütün kainata Yerin xilas olunması üçün SOS siqnalları göndərir. Lakin digər aləmlərdən də cavab gəlmir. AEM-ə daxil olan müdriklər yeganə nicat yolu kimi bəşəriyyətin ən böyük elmi nəaliyyətlərini müxtəlif disklərdə yerləşdirməyi, eləcə də ən nümunəvi insanları və digər canlı cütləri toplayıb, Yerdən evakuassiya olunmağı qərara alır. Dünyanın son günü onlar Ali Elmi Məkanı tapmaq əsnasında olduqda burada müdriklər artıq bəşəriyyətin bütün elmi nəaliyyətlərini və canlılardan cütləri gəmidə yerləşdirmişlər. Gəminin adını Nuh peyğəmbərin su fəlakətinə işarə olaraq "Nev-Noy" ("Yeni Nuh") qoymuşlar. Onlar artıq bir-birlərinə aşiq olmuş iki məsum gənci Mahmudəli və Mariyanı da özləri ilə başqa aləmlərə aparırlar. Bu niyyətlə naməlum Uçan Obyekt dağlar qoynundakı gizli mağaradan kosmosa yüksəlir. Dünyadan 3750 illik günah və qəbahətlərin nəticəsi olaraq kainata yüksəlmiş mənfi enerji yükünün son nəticəsi kimi lap yaxına cəlb olunmuş Ay birdən parçalanmağa və böyük alov dilimləri şəklində Yerə tökülməyə başlayır. Beləcə Yeri od fəlakəti bürüyür. Müdriklərin göz yaşları içərisində Yer od fəlakətinə düçar olur. "Nev-Noy" kosmik gəmisi kainatda yeni planet və yeni dünya tapılması ümidilə bəşəriyyətin ən böyük nəaliyyətlərini irəliyə doğru aparır. Lakin onlar qalaktikanı, metaqallaktikanı nə qədər gəzib dolanırlarsa da, Yer dünyasına müvafiq və insanlığın yaşaya biləcəyi bir başqa məkan tapa bilmirlər. Çox-çox sonralar tapdıqları bəzi məkanlarda mövcud olan varlıqlar isə onları və gətirdikləri bəşəri elmi nəaliyyətləri qəbul etmək istəmirlər. Məntiq sadədəir: bunlar öz dünyalarına fəlakt bəxş etdiyi halda digər aləmlərə yaxşı heç nə verə bilməzlər. Artıq uzun zaman keçir, yeni bir aləm isə tapılmır. Daha Mahmudəli və Mariya da buna dözə bilmir. Onları yatırdıb, yeni bir məkan tapana qədər xüsusi rezervuarlarda yerləşdirirlər. Ancaq yeni məkanın tapılmasından ötrü metaqallaktikaları da gəzib-dolanmaq lazım gəlir. Hətta humanoidlər də onları qəbul etmir. Məlum olur ki, Naməlum Uçan Obyekt sayılan "Nev-Noy"u əslində elə yüzilliklər əvvəl onlar saxlamışlar. Nəhayət bir dəfə onlar haradansa SOS siqnalı qəbul edirlər. Yaxınlaşdıqda bunun Günəş sistemi olduğu məlum olur. Siqnallar isə vaxtı ilə od fəlakətinə düçar olarkən qoyub getdikləri Yer planetindəki Tibet dağlarından - Ali Elmi Məkandan yük-səlirmiş. İnsanlığın öz səsini özündən savayı kimsə eşitməyəcəkmiş. Yer də heç tamam məhv olmamış, bütün insanlar qırılmışsa da, eləcə qitələr, adalar, dənizlər, çaylar, dağlar öz quruluşunu və görkəmini dəyişmişsə də mövcuddur, hələ canlıdır və təbiət məhv olmamışdır. Bəzi müqəddəs məkanlar da, o cümlədən Tibet də salamat qalmışdır. Yerdə həyat üçün hər şey varsa da insan yoxdur. Müdriklər Mariya və Mahmudəlini oyadır, yaddaşlarını tamam silir və ibtidai insan halında Yer üzünə- Qafqaza buraxırlar. Onlar indi Yer üzünə qədəm qoymuş Adəm və Həvva kimi təkdirlər. Mahmudəli və Mariya bir-birlərini tanımadan burada qarşılaşırlar. Bütün dünyəvi bilgiləri silinmişsə də, onların qəlbindəki məhəbbəti silmək mümkün olmamışdır. Onlar əvvəlcə bir-birlərindən qorxub qaçsalar da, sonra daxili məhəbbət onları bir-birlərinə doğru çəkir. Onların bu məhəbbəti ilə dünyada yeni həyat başlanır. Amma bu başlanğıcın bəşəriyyəti yenidən sona doğru aparmayacağına inam varmı? Hər şey yenə də bəşəriyyətin öz əlindədir: dünyanı yaşatmaq da, məhv etmək də. Müəllif bu əsərində bəşəriyyətin mövcud durumunu bütün çılpaqlıqları ilə göstərməklə onu dünyanın aqibəti barədə ciddi düşüncələrə çağırır. Əks təqdirdə dünyanın sonu yetişəcəkdir. Bu son yeni başlanğıca rəvac verəcəkmi? Müəllif bu sualın cavabını oxucuların və bəşəriyyətin öz öhtəsinə saxlayır. "Son və başlanğıc" romanı həm də ədəbiyyatda çox mühüm bir yeniliyin təməlini qoyur. Belə ki, oxucu təqdim olunan hər bir hekayəti düzgün qavraya bilsin deyə müəllif təqdim olunan hekayətlərin ovqatını yaratmağa çalışmış, buna görə müvafiq musiqi əsərləri seçmişdir. Romanda həmin klassik musiqi incilərin adı qeyd olunsa da, kitaba bu musiqilər, eləcə də romanda təsvir olunan yerlərin foto-şəkilləri daxil edilmiş SD disk əlavə edilir. Beləcə onu ilk musiqili roman nümunəsi də hesab etmək olar. Bütün bu kimi məziyyətlərinə görə "Son və başlanğıc" romanı ciddi ədəbi hadisə hesab olunmalıdır.

                                                                                                                  ŞAMİL VƏLİYEV Filologiya elmləri doktoru, professor   


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai