Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







HƏYAT O QƏDƏR QISADIR Kİ, BU ÜZÜNDƏN BAXANDA AZ QALA O BİRİ ÜZÜ - SONU GÖRÜNÜR
Son və başlanğıc= romanı

 

 

                                                                                                                                        Yunus Oğuz

                           Hafiz Mirzənin “Son və başlanğıc” romanı

       (Özündə tarixi, fəlsəfəni, dini, elmi-fantastikanı və musiqini birləşdirən bədii əsər)

 

Son illər Azərbaycan ədəbiyyatında ciddi keyfiyyət dəyişikliyi hiss olunmaqdadır. Bunu orta nəsil yazarlarımızın püxtələşməsi və ölkə rəhbərliyinin ədəbiyyata qayğısının artması ilə də izah etmək olar. Amma ən mühüm olanı istedad məsələsi hesab edilməlidir. İstedadlı yazarlarımızdan biri də Lənkəranda yaşayan yazıçı-publisist Hafiz Mirzədir. Onun yazıları oxucular tərəfindən həmişə çox maraqla qarşılanır. H.Mirzənin publisistikası daha çox bədiidir, məntiq etibarilə əsaslıdır, dili isə çox rəvandır. Hər məqaləsi bir maraqlı hekayə kimi qəbul edilir. Bu isə onun mahir yazıçı olmasından irəli gəlir. Uzun illərdir ki, Hafiz Mirzə qəzet və jurnallarda həm də özünün maraqlı hekayələri ilə çıxış edir. “Olaylar” qəzetində onun “Qeyrət” adlı hekayəsi dərc edildi və “Kaspi” qəzetinin Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi müsabiqəyə təqdim olundu. Hekayə tam obyektiv olaraq 1-ci yerə, baş mükafata layiq görüldü. Amma mən deyərdim ki, Mirzənin daha böyük uğuru bir neçə ay əvvəl nəşr etdirdiyi “Son və başlanğıc” romanıdır. Mənim üçün çox təəccüblü olan belə qeyri- adi və həm də orjinal forma və metodlarla təqdim edilmiş, iri həcmli romana ədəbi tənqidin münasibət bildirməməsidir. Amma mənim söz demək ehtiyacım heç də ədəbi tənqidin loyal münasibətindən irəli gəlmir. Bəşəriyyətin keçmişi, bu günü və sabahı barədə bir kitabı oxuyaraq onun barəsində nəsə yazmamaq çox çətindir. Hamıya və hər şeyə aid olan bir əsərə necə etinasız qalasan!? Kitabda bir sıra korrektə və redaktə səhvləri buraxılmışsa da bu onun ümumi mahiyyətinə, müəllifin məqsəd və məramının açılmasına mane olmur. “Son və başlanğıc” formaca da yeni bir əsərdir. Dünyanın 3750 illik tarixini əhatə edərək müvafiq tablonu yarada bilmək üçün şablon formalar münasib olmayacaqdı. Düşünürəm ki, müəllif bu sahədə də yenilik etmiş, romanı iki hissə və 56 parçaya bölərək maraqlı kompozisiya yaratmışdır. Bir-birindən kəskin fərqlənən bu parçaların aşıladığı təəssüratı daha dolğun qəbul edə bilməsi üçün oxucuya hər parçanın ruhunu ifadə edən və ovqatını yaradan musiqi əsəri də təqdim olunur. Bunlar isə dünya musiqi sənətinin ən gözəl nümunələri arasından seçilmişdir. Kitaba ayrıca əlavə edilmiş CD diskdə oxucu müvafiq parçaya aid edilən musiqi parçasını tapır və sanki onu dinləyərək parçanın mahiyyətinə varır, transa düşür. Bu əsəri ilə Hafiz Mirzə həm də musiqili prozanın əsasını qoyur. Təqdim edilən MP3 formatda musiqi faylları, romanın Word və QuarkXPress formatında elektron versiyaları, kitaba çəkilmiş illüstrasiyalar, hətta hadisələrin cərəyan etdiyi məkanların foto-şəkilləri də daxil edilmişdir. Romanın bitkin olan və “Dünyanın aqibəti” adlanan II hissəsində hadisələr Nyu-York, Qahirə, Məkkə şəhərlərində, Tibet dağlarında və Kosmosda cərəyan edir. Roman metafizik və ya elmi-fantastik məziyyətlərdən daha çox tarixi xarakter daşıyır. Əsər İsa Məsihin doğulmasından ötən və ötəcək 3750 il ərzində olmuş və ola biləcək ən qlobal tarixi hadisələri əhatə edir. Çoxdan idi ki, bu qədər zəngin informasiya və elmi yük daşıyan bir roman oxumurdum. Burada tarixlə yanaşı, fəlsəfə, ədəbiyyat, fizika, astronomiya və biologiya da geniş yer almışdır. 600 səhifəlik böyük həcmli kitabda romanın birinci hissəsi “Böyük günahlar” adlanır. Bu hissəyə 39 hekayət daxildir. Bunlar isə dünyanı 3550 il ərzində əhatə etmiş ən böyük günahların bir qismidir. Bu sıraya xristaianlıq və İslam peyğəmbərlərinin, apostol və imamların başına gətirilən zülüm və əzablardan tutmuş dünyanın ən məşhur fatehlərinin əməllərinə qədər törədilmiş hər cür böyük günahlar daxildir. Bu hissədə bir sıra tarixi hadisələr indiyə qədər yazılmamış məzmunda təqdim edilir. Oxucuya bu hekayətlərdə son iki peyğəmbərin ağır həyatı, Səlib yürüşləri, Böyük Karl imperiyası, Çingiz xan, Moskva Kremlinin salınması, Konstantinopolun fəthi, Amerikanın əsil kəşfi, Teymur Ləng, Janna Dark, Şah İsmayıl Xətai, Vilyam Şekspir, Şah II Təhmasib Mirzə, Nadir Şah, Napoleon Bonapart, Lenin, Stalin, II Nikolay, Adolf Hitler, I, II Dünya müharibələri, Afrika, Asiya, Şimali və Latın Amerikası ölkələri, xalqları, insanları, onların ağır taleyi barəsində çox yeni sözlər, indiyədək yazılmamış çox məqamlar təqdim edilir. Hamısından bir mühüm nəticə hasil olur – günah və hər cür bəd əməllərdən qara, mənfi enerji ayrılır. Təbiətdə isə heç nə itmir, bir başqa formaya, məkana keçir. Bəs böyük və kiçik günahlardan, dərd, nifrət və qarğışlardan, pisliklərdən yüksələn mənfi enerji harada toplanır? Hafiz Mirzə öz təxəyyülünə istinad edərək onun yerini dəqiq müəyyənləşdirir. Bu Aydır. Yer planetinin istilik xovunu alan, kondensassiya rolunu oynayan mənfi yüklü Ay peyki! Ayın mənfi enerji məkanı olaraq müəyyən edilməsi məntiqə və elmi əsaslara da uyğundur. İnsanlığın min illiklər ərzində öz əməlləri ilə yaratdığı mənfi enerji getdikcə daha da artır və Ayı ağırlaşdırır. Artıq insanlıq özünün bir sıra müsbət keyfiyyətlərini itirmiş, mənəvi aşınma şiddətlənmiş, cəmiyyəti anarxiya bürümüş, İlahi dinlər qismən sıradan çıxmışdır. Hər yerdə İblis hökmranlıq edir.Belə bir zamanda təbii olaraq kainata daha artıq güclə mənfi enerji yüksəlir. Ekoloji fəlakət də insanlığın əməllərinin təzahürü olaraq Yeri məhvə doğru aparır. Bütün bunlar Yerin cazibə qüvvəsini artırır, Ayı özünə daha artıq güclə çəkməyə başlayır. Qüdrətli ölkələrdə Yerin aqibəti barəsində heç bir dövlət düşünmür. Təkcə Tibet dağlarındakı buddist məbədinin ali dini rəhbəri XXXII Dalay Lama bəşəriyyətin mənəvi aşınmaya məruz qalmasının səbəbini anlamaq istəyir. O hər gün sübh ibadətindən sonra oturub keçmiş zamanın meditasiyasına dalır. “Gördükləri” isə bəşəriyyətin 3550 il ərzində qazandığı möhtəşəm günahlardır. Bu zaman kainatda naməlum bir uçan obyekt –“uçan boşqab” dolaşır. Bu, kosmik gəmi Niburi planetindən gələn 7 humanoidə məxsusdur. Gəmi Yer kürəsinin daha az mənfiliklər yüksələn Tibet dağları nahiəsinə qonur. Yerdən nə üçün bu qədər yüksək gərginlikli mənfi enerji yüksəlməsinin səbəbini öyrənmək və insanlığı dərk etmək üçün onlar insan qiyafəsinə girir, müxtəlif istiqamətlərə gedirlər. Yer kainatın bir hissəsidir və ondan qalxan bu enerji kosmosun da nizamını pozur. Bir müddət sonra onlar geriyə qayıdırlar. Lakin Yeri və insanlığı daha dərindən dərk etmək və onu xilas eləməkdən ötrü tamamilə insanlığın içərisinə köçməyi, onların arasıında yaşamağı və səbəbləri insanlıqla birlikdə aradan qaldırmağı qərara alırlar. Bunu özləri bacarmasa da övladlarının bacaracağına əmindirlər. Humanoidlərdən biri NUO-in gizlədildiyi məkanda qalır. Onun vəzifəsi insanların düşüncəsinə daxil olmaq və ayrı-ayrı şəxsiyyətləri bu işə cəlb etməkdir. Tapdığı ən münasib şəxs isə hər gün keçmişə meditasiya edən XXXII Dalay Lamadır. O bütün həqiqətləri Dalay Lamaya aşılayır. Onun fikirlərinin həqiqiliyinə inanmaqdan ötrü Dalay Lama gələcək zamana meditasiyaya dalmağa başlayır. Bir neçə il ərzində o gələcək zamanın ən mühüm məqamlarına nüfuz edir. Və nəhayət o Yer kürəsinin 200 il sonra baş verəcək süqut anını da “görür”. Dalay-Lama bir müddət o özünə gələ bilmir. Nəhayət bu böyük bəlanın aradan qaldırılması üçün lamalar naməlum uçan Obyektin gizlədildiyi dağlar qoynunda yeraltı mağaralar və onun içərisində möhtəşəm Ali Elmi Məkan yaratmağı qərara alırlar. Buraya onlar Yer üzünün millətindən asılı olmayaraq ən görkəmli alimləri toplayırlar. Bu alimlər bəşəriyyəti xilas etmək üçün onun bütün sirlərindən, dünyanın bütün elmi nailiyyətlərindən xəbərdar olmalı, qüdrətli laboratoriya qurmalı, bəşəriyyəti xilas etməlidir. Lamalar seçilmiş şəxsləri uzun illər daha da mükəmməl formada yetişdirir, buna hazırlayırlar. Məxviliyi qorumaqdan ötrü bu alimlər öz ölkələrində ölmüş hesab edilir. Ali Elmi Məkan bütünlüklə Yer üzünü əhatə edə bilsin deyə onu 7 pilləli sirli və məxvi təşkilat halını gətirirlər. Bu təşkilatın bütün pillələrində istedadlı alimlər cəmlənir. Onlardan yalnız biri üst pillədə duranlardan yalnız birini tanıya bilər. Burada onların elmi zəkası püxtələşir. Ən qüdrətlilər özündən yuxarı pillədə həyatdan köçən birini əvəz edir və buna layiq görülür. Ali Elmi Məkan 7-ci pillədir və burada 7 müdrik cəmlənmişdir. Onlar əslində bir vaxtlar Niburi planetindən gəlmiş humanoidlərin varisləridir. Həyata gəlib-gedən Dalay lamalar Tibet məbədlərinin bütün sərvətini bu gizli təşkilatın ixtiyarına, bəşəriyyətin ekoloji və mənəvi nicatı üçün verir. Lakin min illiklərdən gələn yanlışlığı 200 il ötsə də düzəltmək mümkün olmur, 3750-ci ilin 31 oktyabr tarixi bəşəriyyətin son günü olaraq dəqiqləşir. Müdriklər Yerin artan cazibəsi nəticəsində sıxılan Ay peykinin dağılacağına, alovlanacağına və Yerə tökülüb Yeri od fəlakətinə məruz qoyacağına əmindirlər. Onlar gizli mağarada olan Naməlum uçan Obyekti öyrənməkdən də usanmır, amma bir nəticə əldə edə bilmirlər. Bəs Yeri necə xilas etməli? Onlar kainata müsbət enerji saça biləcək əməllər törədilməsi üçün mənəviyyat inqilabları yaratmağı qərara alırlar. Buna görə 5 qitədə ən pak qalmış insanları axtarıb tapmalı, onlara gizli qəyyum olaraq mənəviyyat inqilabları yaradılmalıdır. Lakin yaşayış mövcud olan 5 qitənin yalnız 2-də münasib insan tapmaq mümkün olur. Onlardan biri Nyu-York şəhərinin köhnə, qədim kilsəsində yaşayır. Bu çoxlarının ölmüş və ya dəli hesab etdiyi Mariya Paolo adlı xristian qız, o biri isə Misirin Əl-Əhzar məsçidində təhsil alan, əslən azərbaycanlı və müsəlman tələbə Mahmudəli Bəycandır. Bu iki gənci müdriklər AEM-ə gətirirlər. Lakin mənəviyyat inqilabı etməyə daha vaxt yoxdur. Ay hər gün, hər saat parçalana və Yeri məhv edə bilər. Buna görə də müdriklər bəşəriyyətə Beynəlxalq Sülh, barış, etiraf günü keçirtməyi, xalqların, dövlətlərin, hamının öz günahlarını etiraf etməsinə və qarşı tərəfdən üzr istəməyə çağırırlar. Lakin insanlıq buna da diqqət yetirmir. Bu zaman təkcə “uçan boşqab” öz sirrlərini səxavətlə verməyə başlayır. Ona Nuh peyğəmbərin şərəfinə “Nov-Noy” (“Yeni Nuh”) adı qoyulur. Gizli mağaralar və dağlar qoynunda yaradılmış “Cənnət bağı”nda Mariya və Mahmudəli bir-birini görür və aşiq olur. Ölümsüzlüyün və gəncliyin sirlərinə vaqif olsalar da müdriklər bəşəriyyəti nəhayət xilas etmənin mümkün olmadığına tam əmin olub, bəşər elminin bütün nailiyyətlərini təxliyə etməyi, başqa qalaktikalara aparmağı qərara alırlar. Sonuncu gün gəlir. Onlar AEM-in texniki qurğularını SOS rejimində qoyur, gəmi ilə Yerdən qalxırlar. Çox keçmir ki, Ay parçalanır, tikələri yanar astroit və meteorit kimi Yerə tökülür. Beləliklə Yer od fəlakətinə qərq olur. Bundan sonra isə müdriklər “uçan boşqab”ın içərisində kainatda bəşər elmi və mədəniyyətinin nailiyyətlərini çatdırmaq üçün münasib planet axtarmağa başlayırlar. Lakin nə qədər axtarırlarsa münasib planet tapılmır. Tapılan planetlər isə Yer və bəşər elminin nailiyyətlərini qəbul etmir. Bəşər nailiyyətləri münasib olasaydı nəhayət Yeri fəlakətə məruz qoymazdı! Digər planetlərdə isə insan həyatı üçün hava, od, su və torpaq yoxdur. “Nev Noy” kosmik gəmisi kainatda sərgərdan gəzib axtarır. Mahmudəli və Mariya buna dözə bilmədiyi üçün onların hafizəsi silinir, uzun müddətə yatızdırılır. Hər yan sükut, kosmik uğultu. Nəhayət onlar bir qalaktikadan SOS siqnalları qəbul edirlər. Bu isə heç demə Günəş qalaktikası, Yer planeti və onların AEM-dən yayınladıqları köməyə çağırış səsləri – dalğaları imiş. Onlar kosmosda qövsvari hərəkət etdikləri üçün başladıqları nöqtəyə gəlib çıxıbmışlar.Yer heç də tamam məhv olmamışdır. Aradan nə qədər Yer zamanını keçdiyi bilinmir. Ancaq Yerdə heç bir canlı yoxdur. Sonra təbiət bərpa olmuşsa da od fəlakəti bütün canlıları məhv etmişdir. Mahmudəli və Mariya oyanmaq üçün torpağın üstünə qoyulur. İndi onlar Yeni dünyanın ilk sakinləri olacaqlar. Bir müddət sonra bir-birlərini tanımadan qarşılaşan bu iki gəncin məhəbbəti, əslində isə xristianlıqla İslamın izdivacından yeni həyat başlanır. Ancaq sonda müəllif “Hər şey yenidən sona doğru gedəcəkmi?” sualını qoyur. Söhbət bəşəriyyətin sonundan gedir.

Süjetini son dərəcə qısa şəkildə və bu cür ifadə edə biləcəyimiz böyük bir romanın insanlıq qarşısında qoyduğu bir çox suallar var. Cavabı isə oxuyanlar tapacaq.

Oxumağa və sevməyə dəyər!

 

 

 

 

 

 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai