Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







HƏYAT O QƏDƏR QISADIR Kİ, BU ÜZÜNDƏN BAXANDA AZ QALA O BİRİ ÜZÜ - SONU GÖRÜNÜR
Qızmar yayın soyuq küləklərindən ruhlana...

  " QIZMAR YAYIN SOYUQ KÜLƏKLƏRİ"İNDƏN  RUHLANA  BİLƏNLƏRİN  ŞƏRQİSİ

           (Yazıçı-publisist Hafiz Mirzənin  növbəti kitabı barədə düşüncələr)

 

      NƏSR VƏ PUBLİSİSTİKA EYNİ MÜSTƏVİDƏ

       Bu günlərdə  yazıçı-publisist Hafiz Mirzənin "Qızmar yayın soyuq küləkləri" adlı yeni  bədii kitabı oxuculara təqdim olundu. İlk baxışdan çox adi və normal haldır. Amma   əyalət ziyalılarının əksəriyyətinin heç də normal həyat tərzi keçirtmədikləri, ətalət içərisində    itib-batdıqları və ucuz diletantlığa üstünlük verdikləri halda Hafiz  Mirzə Lənkəranda oturub, həm "Olaylar" qəzetində hər həftə  iri həcmli məqalələrlə çıxış edərək, həm də fəal  bədii  yaradıcılıqla məşğul olursa bu heç də adi hal təəssüratı bağışlamır. Onun  prozasını,  publisistikasını xarakterizə edərkən konret bir istiqamət müəyyənləşdirmək çətindir. H.Mirzə ölkənin çox az saylı publisistlərindəndir ki, eyni səviyyədə peşəkarlıq və yüksək  intellektlə həm siyasət, həm iqtisadiyyat, mənəviyyat, ədəbiyyat, din, milli məsələ, idman, həm də  etnoqrafiya, səhiyyə, təhsil, mədəniyyət və incəsənətə dair  çoxsaylı, iri həcmli məqalə müəllifidir. Onun  məqalələrinin və kitablarının oxucu sayı on minlərlə ölçülür. İndiyədək H.Mirzənin cəmi  4 kitabı nəşr olunmuşdur. 2005-ci ildə nəşr olunan "Ayın 32-ci günü" adlı kitabı  "Qızıl qılınc" mükafatına layiq görüldü. Əyalətdə yaşayaraq, ölkənin ədəbi mühitindən kənarda  yaradıcılıqla məşğul  olan bir şəxs üçün heç də kiçik nəticə deyil. H.Mirzənin "Olaylar" qəzetində mütəmadi çıxış etməsi böyük məhsuldarlıq göstəricisidir. Amma bu məhsuldarlıq həm də elmiliyə, Vətənpərvərliyə və cəmiyyət həyatının saflaşması işində vətəndaşlıq mövqeyinə əsaslanır. Bu fikirlərimi isbata yetirmək  üçün oxuduğum onlarca məqaləni nümunə göstərə bilərəm." Bizə bu da azdır, Hidayət müəllim!", "Talışları mühafizə etməli", "Çünki biz belə müsəlmanıq", "Terrorçu oluram, ay camaat!". "Diqqət! Xristian-Qərb ekspansiyası","Palmali Cənub günəşi","Demoqrafik fəlakət zəngləri", "Fəsadların anatomiyası", "Zavallı millətlər barədə elegiya","Mürtədlər, kafirlər, vələdəzünalar", "Azərbaycan manatında mason işarələri","Xətayiyə münasibətdə xətalar var" və sair. Saymaqla qurtaran deyil. H.Mirzə əksər sahələrlə yanaşı, dilçilik problemləri ilə bağlı da bir sıra elmi yazıların müəllifidir. Onun yazdığı "Dilimizin inkişaf dinamikasında qüsurlar var", "Azərbaycan ədəbi dili inkişafdan qalmışdır" və "Lənkəran dialekti ədəbi dilə təqdimatda" adlı məqalələri elmi baxımdan çox qiymətli yazılardır. Bu yazıların üzü çıxardılıb LDU-nun filoloq tələbələri və magistirləri arasında yayıldı. H. Mirzə  yaradıcılığı ictimai şüura böyük təsir gücünə malikdir. Mən bu gün onun publisistikası barədə geniş danışmaq istəmirəm. Bu çox böyük söhbətin və  elmi tədqiqat işinin mövzusudur. "Qızmar yayın soyuq küləkləri" kitabını isə yenicə oxuyub başa çatdırdığım üçün bu barədə fikirlərimi oxucularla bölüşməyə ehtiyac bildim.

      SOYUQ KÜLƏKLƏRİN FƏLSƏFƏSİ  

    Yayın qızmar  çağında soyuq küləyin təsirindən həzz almaq asan olduğu halda, ömrün ən qaynar çağı böyük hücumlara, təzyiqlərə, hədələrə məruz qalmaq və  bundan ilhamlana bilmək, daha gözəl əsərlər yaratmaq yalnız H.Mirzə kimi istedadlı, qətiyyətli və  prinsipial şəxslərə məxsus xüsusiyyətdir. Müəllif bu yeni kitabının yaranma səbəbi kimi "Ayın 32-ci günü" kitabını təqdim edir. Məhz onun obyektiv publisistikasının qarşısında duruş gətirə bilməyən bəzi mənfur  ünsürlər bu kitabı təftiş etməyə üstünlük vermişdilər. Əlbəttə, hər hansı bir bədii əsərdə min bir yerə yozula biləcək  ifadələr tapmaq mümkündür. Lakin bədii əsər tam halında və öz ideyasına görə qəbul olunur, ayrı-ayrı sözlərə görə deyil. Bədxahlar son illər bircə bədii əsər də oxumadıqları və ya sosilizm-realizmi  ədəbi cərəyanından kənar  çıxa bilmədikləri üçün yenilikləri qəbul etmək iqtidarında deyildilər. Qərəzli nəzərləri ilə baxdıqda  o kitabdakı post-modernist "Paz" romanında çox nüanslar vardı ki, onları min bir yerə yozmaq olardı. Bədii əsərin gücü də elə burasındadır. Onlar da bunu məmuniyyətlə min bir yerə yozdular və kitabın nəşrindən il yarım sonra H.Mirzəyə qarşı kəskin hücumlara keçdilər. Əksər dövlət orqanlarına ünvanlanmış onlarca məktuba, yüzlərlə imzaya, hədələrə, mənəvi təzyiqlərə və qurşaqdan aşağı zərbələrə sinə gərmək heç də asan deyildi. H.Mirzə yaradıcılığının və yaşının ən qaynar vaxtında bu zərbələrə  bu soyuq küləklərə tərəqqipərvər Lənkəran ziyalılarının dəstəyi ilə nəinki sinə gərə bildi, hətta bu zərbələrdən stimul  alıb, iki ilin ərzində çox gözəl əsərlər yaratdı. Ona görə də bu kitabı qızmar yayın soyuq küləklərindən ilham almağı bacaranların şərqisi hesab etmək olar.

       İNCİLƏRDƏN  SEÇMƏLƏR

      H.Mirzənin yeni kitabının üzqabığı çox  maraqlı və məzmunlu tərtib olunmuşdur. Burada heç bir zamanı ifadə etməyən və dayanmış saatla yanaşı həm də ilk rəqəmi başlayan bir elektron saat verilmişdir. Bu isə dünyanın bir yandan boşaldığına, digər tərəfdən dolmasına bir işarədir. Parlaq günəşin şüaları arasında buz qoymuş ştrixlər də diqqətdən yayınmır. Və bütün bunlar ulduzlara bürünmüş kainatın əksi üzərində təqdim olunur. Kitaba müəllifin 6 povesti  və 9 hekayəsi daxil edilmişdir. Hər biri öz cazibədar  adı ilə diqqəti cəlb edir. Onun yaradıcılığında əsərlərə  dolğun, lakonik və cazibədar ad qoyulması həm oxucular tərəfindən diqqətlə qarşılanır, həm də əsərin əsas  qayəsinin çatdırılmasına mühüm yardımçı olur. Birinci təqdim olunan  "Qurulmayan saat" povesti fəlsəfi-psixoloji əsərdir.  Əsərin qəhrəmanı Vahab Manaf oğlu Yerquruluşu idarəsinin  aparıcı mühəndisidir. 40 yaşı tamam olmasına baxmayaraq o hələ də ailə qurmamışdır. Buna səbəb onun  daim hər şeyin pis sonluğunu və fani olduğunu, düzgün qurulmadığını  və birdən hər şeyin dəyişəcəyini, tamam başqa və əslində olmalı olduğu kimi olacağını düşünməsidir. Nəticədə, o hər şeyə, hamıya acıyır, heç nəyə əli yatmır və öz şəxsi həyatını qura bilmir. Əslində isə o insan ömrunun onun özündən asılı olmayan, müntəzəm qurulmasa da, daim işləyən bir saat qismində  olmasını və hər an dayana biləcəyini  "bu saatın" qəflətən dayanması məqamında başa düşür. Amma artıq gecdir.
     "Şeyx İsmayılın Şeyxəkaran səfəri" povesti isə lirik-tarixi-fəlsəfi əsərdir. Burada Azərbaycan Səfəvilər Dövlətinin banisi Şah İsmayıl Xətainin hakimiyyət quruculuğu uğrunda erkən ideoloji axtarışları, ulu babası Şeyx Zahid Gilaninin Lənkəranın Şeyxəkəran kəndində yerləşən  türbəsini ziyarət etməsi və buradan Böyük Azərbaycan quruculuğu uğrunda zəfər yürüşünə  başlaması geniş təsvir olunur. Burada onun öz müridləri   ilə söhbətləri və ətraf aləmə münasibəti poetik dillə verilmişdir. Povest bu mövzuda və ümumiyyətlə, Şeyx İsmayılın Ərçivan həyatı barədə yazılmış ilk bədii əsərdir.
     "Mail.ru.agent" əməliyyatı"  adlı povest günümüzün psixoloji ailə dramını əks etdirir. Son dərəcədə maraqlı dialoqlarla zəngin olan bu əsərdə qadın və kişi psixologiyasının incəlikləri, eləcə də insanlara daim yaxşılaq etmək istəyən Talış Hikmət və Aliyə xanım kimi şəxslərin hər zaman, hər yerdə mövcudluğu, insanların bir-birlərini daha yaxından tanımadan, qəbul etmədən ailə qurmalarının fəsadlar törətməsi çox maraqlı hadisələrin fonunda təsvir olunur.Bəzən insanlar bir-biri ilə yaxın olduqları qədər uzaq, uzaq olduqları qədər də yaxın ola və bir-birlərini çox rahat anlaya bilərlər. Bu olmadıqda xoşbəxt ailə quruculuğundan danışmağa dəyməz.
      "Əskərağanın birinci və sonuncu toyu" adlı povest isə komedik əsərdir. Burada insanların lovğalığı, yalançılığı və təkəbbürü ucbatından başına gələn  gülünc məqamlar ifşa edilir. Hər bir sənətin, xüsusən də xanəndəliyin  üzdə göründüyündən qat-qat çətin məqamları var. Bəzən insanlar bunu əyləncə, yüngül və çox asan sənət hesab edirlər. Əskərağa adlı bir gəncin başına gələn  ilk və əslində həm də son olacaq  bir toy məclisində baş verən hadisələrin mahiyyətində özünü məhz bu ideya geniş əks etdirir: hər kəs təsəvvür etdiyi vəziyyətlərlə deyil, qadir olduğu səviyyə ilə yaşamalıdır.
      "Yarımsaatlıq yolda" povesti də çox maraqlı və qeyri-adi mövzu tutumu ilə diqqəti   cəlb edir. Əsərin qəhrəmanı  Azik (Əziz) ağır tonajlı yük maşınının sürücüsüdür. O öz həmyerliləri ilə birlikdə uzaq Rusiyada yük daşımalarla məşğuldur. Məqsədi  bir qədər pul qazanmaq  və Vətənə qayıdıb  qızının toy cehizini almaqdır. Bu kimi məqsədlərlə onun yoldaşları da Rusiyada hər cür oyunlardan çıxırlar. Lakin öz əməllərinin ucbatından bu sürücülərin biri dalaşarkən öldürülür. Dostları onun maşınını və meyidini Vətənə gətirməyə məcbur olur. Vətənə çatıb, maşınları paytaxt terminallarının birində saxlayırlar. Meyidi mərhumun yaşadığı rayona aparmaq lazım gələrkən Azik dostlarına qoşulmur, şəhərə çıxıb, qızı üçün bəzi cehiz ləvazimatları almaq istədiyini bildirir. Lakin burada o, yoldaşlarının pulu olan maşını soymaq fikrinə düşür və buna nail olur. Öz rayonlarına  yola düşərkən isə yol kənarında təsadüfən bir əxlaqsız qadını görür. Sən demə bu qadın polislə əlbir imiş, sürücüləri şantaj etmək və soymaqla məşğul olurmuş. Lakin  Azikin maşının kabinasında,  yarımsaatlıq yol ərzində onlar dostlaşır və bir-birlərinə bağlanırlar. Sonda Azik hətta özünə məxsus, eləcə də dostlarından oğurladığı pulları bu qadının düz yola qayıtması naminə  ona verəsi olur.
    "Ları xoruzun hekayəti"  povesti  isə ilk baxışdan adi məişət mövzulu, əslində isə Vətənimiz Azərbaycanın ikiyə bölünməsi ilə nəticələnmiş tarixi  ədalətsizliyi ifadə edən və onun aradan qaldırılması yollarını göstərən fəlsəfi-siyasi xarakterli, çox ciddi əsərdir. Burada hadisələr həyətin adi ları xoruzunun ətrafında cərəyan edir, lakin böyük tarixi-fəlsəfi, psixoloji mahiyyət daşıyır. Sonda ları xoruzun ölümü ilə Azər kişi və oğulları heç bir şeyi  nəzərə almadan, qətiyyətlə hərəkətə keçir və uzun illərin problemini həll edirlər.

        UĞURLU HEKAYƏÇİLİK NÜMUNƏLƏRİ

       Yeri gəlmişkən qeyd etməliyəm ki, mən Hafizin əvvəlki kitabına daxil etmiş olduğu "Prezident", "Qalanın son günü", "Aqibət" və "Şedevr" adlı hekayələrini çox yüksək qiymətləndirmişdim. Onun bu kitaba daxil etdiyi hekayələri də yüksək ustalıqla qələmə alınmışdır. "Rus qızı Valyanın məhəbbəti" hekayəsi dramatik mövzuda yazılmış bədii əsərdir. Əsərin qəhrəmanı rus qızı Valya kənd kitabxanasında işləyir. Onun görmüş olduğu insanlar çox adi və primitivdir. Bir gün o, Təmayül adlı bir azərbaycanlı gənclə rastlaşır. O,  Təmayülü xlas edir, bir neçə gün həyətlərindəki tövlənin çardağında gizlədir, sağaldır və eyni zamanda onunla  eşq yaşayır. Lakin o, Təmayülə olan məhəbbətini heç kəsə satmır. "Proqrama salınmayan səfər" hekayəsi   psixoloji- dramatik və Vətənpərvərlik ruhlu bədii əsərdir. Əsərin qəhrəmanı Bahadur Atakişibəyli naziridir. Onun bütün iş günü çox sıx qrafik əsasında tərtib olunmuş, hər bir addımı proqrama salınmışdır. Bunun ucbatından o hətta özünün "Böyük bağ" (Qarabağ nəzərdə tutulur)  adlandırdıqları kənddə qalmış ata-baba yurduna, atasının qəbrinə  də uzun müddətdir baş çəkə bilmir. Nəhayət o, hər şeyi rədd edib, ğünün proqrama salınmayan bir işini görür - ata-baba yurduna baş çəkməsi üçün, heç kəslə məsləhətləşməyə ehtiyac bilmir və əlinə çomaq alaraq yurd yerini murdar itlərdən təmizləyir.Dağlıq Qarabağ probleminin həlli və əsil Vətəndaş mövqeyi əsərin əsas və sətiraltı qayəsini təşkil edir.
      Kitaba daxil edilmiş "Qız qardaşlığı" hekayəsi V əsrə məxsus qədim türk  tayfalarından birinin həyatını, yaşam tərzini, adət və ənənələrini  əks etdirən tarixi- bədii əsərdir."Bayramdan sonra bayram" hekayəsində irəli sürülən əsas arqument ondan ibarətdir ki, qonşuda kasıb və köməyə möhtac olan birisi yaşayırsa, firavan, xoşbəxt, sağlam yaşamaq mümkün deyil. "Naməlum gözəl"  hekayəsində yanlış yanaşma tərzi və mövhumi inanc qəhrəmanların hər ikisinin məhvinə səbəb olur.Kitabdakı digər hekayələr də  çox incə mənalar ehtifa edir. "Direktorun işdən çıxmaqlığı" hekayəsi ən adi həyat həqiqətlərinə, "Bir an içində" hekayəsi isə fantastik  nüanslara bağlıdır. "Söhbətin söhbəti" hekayəsi qismən yumoristik, "Stadiona göndərilmiş  mesaj" hekayəsi isə psixoloji xarakter daşıyır. Ümumiyyətlə H.Mirzə yaradıcılığında psixoloji məziyyətlər mühüm yer tutur. O, Azərbaycan dilinin gözəlliklərindən, qramatik və morfoloji xüsusiyyətlərindən  məharətlə istifadə edərək, oxucu üçün rəvan və anlaşıqlı dildə,  sanki böyük bir simfoniya yaratmaq istəyir. Ədibin dili rəvandır, o, ədəbi dilin üslub xüsusiyyətlərinə diqqətlə riayət edərək  çox dəyərli əsərlər yazmışdır. Obrazların təsviri asanlıqla göz önünə gəlir, sanki oxucu ilə  üz-üzə durur. Müəllif bəzən maraqlı söhbət edərək, bəzən isə incə yumorla və  zəngin hadisələrin fonunda  çoxlarının görmədiyi və yazmağa cəsarət etmədiyi həyat həqiqətlərini sadə dildə nəql edir və oxucuları ilə ünsiyyətə girmiş olur. Bu ünsiyyət zamanı müəllif oxuculara çox həqiqətləri çatdırır, onu düşünməyə məcbur edir. Kitaba istedadlı rəssam Adil Əsədlinin qrafik rəsmləri xüsusi məna və gözəllik bəxş edir. Son illər Azərbaycan ədəbiyyatında  təsadüflər nəticəsində təqdim olunan bu kimi uğurlu əsərləri oxuyacaq şəxslərin çox böyük mənəvi qazanc əldə edəcəyini fəxrlə söyləmək olar.

                                                                             

                                                                 MƏSUD MƏMMƏDOV 

                                                          (filologiya elmləri  doktoru,  professor) 


                                       

 

 

 
 

 

 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai