Sayt daxili axtarış sistemi















 

Kütlə psixologiyasının müzakirəsi  

Azərbaycan mədəniyyəti pik saatda

I Bakı Avropa Oyunları

 İkiyə bölünmüş  AZƏRBAYCAN!

 



free counters







HƏYAT O QƏDƏR QISADIR Kİ, BU ÜZÜNDƏN BAXANDA AZ QALA O BİRİ ÜZÜ - SONU GÖRÜNÜR
Ayın 32-ci günündən yadigar

                                " AYIN  32-Cİ  GÜNÜ "NDƏN YADİGAR

                               ( Hafiz  Mirzə  bu kitabı ilə  əsl şedevr yaratdı )

 

     ƏSƏRİ BƏDXAHLAR  DAHA  DA  MƏŞHURLAŞDIRDI

     Çoxdan idi ki, Azərbaycan ədəbiyyatında  yeni bir "bomba" partladılmırdı. İnsanlar adətən öz yaxınlığında  və öz  dövründə olan dahiləri, şedevrləri, qəhrəmanları görməyə qadir olmur. Lakin bir özgəsi bu barədə nəsə dedikdə birdən sanki yuxulu baxışlar diksinib ayılır və bu nəsnənin qeyri-adiliyindən riqqətə gəlir.  Adətən  yazıçının illərlə üzərində işlədiyi hansısa bir böyük və özünün ən çox sevdiyi əsəri deyil, təsadüfən qələmə aldığı və sanki cızmaqara edərək bir kənara tulladığı yazı təsadüfən diqqət mərkəzinə düşür və birdən-birə hamı onun şedevr olduğunu etiraf edir. Ötən illərin birində tanınmış yazıçı-publisist Hafiz Mirzənin "Sənət qəzeti"ndə dərc olunmuş "Şedevr" hekayəsini oxudum və bu həqiqətin çox gözəl bədii nümunəsi ilə tanış oldum. Ancaq sanki o hekayədə Hafiz bəy öz gələcəyini qələmə almışdı və yazıçı "X.Y" elə onun özü idi. Etiraf edim ki, hamı kimi mən də buna yalnız indi inandım. Zatən, ötən il onun "Ayın 32-ci günü" adlı kitabını oxuyarkən oradakı qeyri-adi hekayələr və "Paz" adlı roman məni çox heyrətləndirmişdi. Bu barədə müəllifə öz fikirlərimi demiş, o isə   tərif yox, tənqid eşitmək istədiyini bildirmişdi. O vaxt mən yeni bir kitab üzərində  işlədiyim üçün bu işi ədəbi tənqidin üzərinə buraxmağı qərara aldım və belə düşündüm ki, tamam kənar nəzərlər bu kitab barədə daha obyektiv tənqid yaza bilər. Lakin  təəssüf ki, Azərbaycanın ədəbi tənqidi  növbəti dəfə susdu və bəlkə də bu kitab barədə nəsə demək iqtidarında  olmadı. Dost və tanışlarının və ya həmyerlilərinin cızmaqaraları barədə səxavətlə kağız korlayan bir sıra dəbdə olan tənqidçilərimiz görünür müəllifin tikə-kabab süfrəsində oturmamışdılar. Mən müəllifin personasına yaxından bələd  olduğum üçün onun belə variantlarla öz kitabı barədə rəy yazdırmayacağına əmin idim. O həmişə ləyaqətli yazısının qəbul edilməsinin tərəfdarı olmuşdu. Dəfələrlə mən və şair Tərlan onun yazılarını Bakıya, redaksiyalara poçt və konvert vasitəsilə göndərdiyinin şahidi olmuşdum. Bu yaxınlarda təsadüfən öyrəndim ki, heç demə onun hekayə və publisistik yazılarını mütəmadi dərc edən populyar "Reytinq","Xural", "Palitra","Paritet", "Yeni Azərbaycan","Ədəbi əks-səda" və digər qəzetlərin pedaktorları müəllifi şəxsən tanımır və onunla heç zaman əyani görüşləri olmamışdır. Günümüzdə belə reallıqla heç də tez-tez rastlaşmazsan. Amma günümüzün ən acı bir reallığı da ondan ibarətdir ki, həmişə meyvəli  ağaca daha çox daş atılır. Daim siyasi proseslərin mərkəzində olan və "Olaylar" qəzetində son vaxtlar çox cəsarətli və çox obyektiv  yazıları ilə  ictimai həyatımızı silkələyən Hafiz Mirzə bu ilin əvvəlində "Bizə bu da azdır, Hidayət müəllim!"  adlı çox böyük və tam obyektiv bir yazısı ilə  təkcə Lənkəranın deyil, düşünürəm ki, ölkə ictimaiyyətinin nəzərində  əsil sensassiya yaratdı. Mən hələ heç bir qəzetin və heç bir silsilə məqalənin xalq tərəfindən belə  böyük diqqətlə qarşılandığını görməmişdim. Təsəvvür edin ki, 7 qəzet səhifəsi həcmində olan məqalənin tam nüsxəsindən yüzəcən, bəzi bölmələrindən isə yuzlərlə nüsxə çoxaldılıb yayılırdı. Məqalədə qoyulmuş faktların rəsmən inkarına bir kimsə hünər etməsə də, tərəfdarları bu barədə açıq-aşkar danışırdı. Məqalə etnik separatçılara məncə indiyəcən yazılmış ən kəskin və ən ciddi cavab idi. Yazının həm də publisistik meyarları barədə yazıçı-publisist Əhmədağa Kərimli, professor Məsud Məmmədov, biologiya elmləri namizədi Rəfayil Əliyev, tədqiqatçı -etnoqraflar Səmədağa Səmədzadə, Rahim Mirzəyev, Miriqbal Kazımov   və onlarca qələm əhli, ictimai-siyasi xadim  çox yüksək fikirlər söylədi. Üstündən bir müddət ay yarım  vaxt  keçdikdən sonra  isə birdən - birə etnik separatçılar da dilə gəldi və müəllifə qarşı əks hucuma keçdilər. Bu zaman onların vahid bir mərkəzdən sərt komanda və maliyyə aldığını görməmək və dərk etməmək mümkün deyildi. Nakəslər yazının əsas qayəsini bir kənara qoyub, məqalədə Lerik rayonunun "otxod"ları tör töküntüsü hesab edilən və Lənkəranda çoxlarının yarızarafat-yarıciddi "çex" adlandırdığı şəxslərə aid edilmiş tənqidi  fikirləri ( təhqiri yox ) bütün leriklilərə aid etməyə və  çox şeydən xəbəri olmayan, hətta o yazıları oxumamış, dərk etməmiş  sadə insanları ona qarşı ayağa qaldırmağa və Lənkəranda qarşıdurma yaratmağa  çalışdılar. Hətta ona qarşı psixoloji hucum olaraq, müəllifin başına 5 kiloqram qızıl da qoyuldu.  Lakin H.Mirzə buna soyuqqanlıqla və müdrikcəsinə  cavab verməyə başladıqda, təkbaşına və bir daha ifşa edə bildikdə onlar qabaqcadan planlaşdırıldığı yaxşı hiss olunan  hucumun ikinci hissəsinə keçməyə məcbur oldular. Daim öz siyasi fəaliyyəti və məqalələri  ilə talış xalqının təəssübünü çəkmiş  müəllifin publisistikasını deyil, çox qəribə və çox gülməlidir ki, bədii yaradıcılığını  və "Ayın 32-ci günü"  kitabını seçdilər. Nəticədə, ötən ilin mart ayında nəşr edilməsinə baxmayaraq, bu ilin martında H.Mirzənin bu kitabı görünməyən  məşhurluq qazandı. Artıq bəzi kitab mağazalarında qalmış nüsxələr də satılıb qurtarmışdır və  kitab  oxucular tərəfindən əllərdə  gəzir. Hətta bu vəziyyəti görən şair dostlarımdan biri  zarafatla " Kaş ki, Mirzə bu kitabı daha böyük tirajla və bu il nəşr edəydi; yerdə bircə nüsxə də qalmazdı" Bu əks təbliğat birdən-birə ədəbi ictimaiyyətin diqqətini bu kitaba yönəltdi. Nəticədə, ədəbiyyatın nə olduğunu  yaxşı anlayan  oxucular çox gözəl bir ədəbi inci ilə və daha diqqətlə tanış oldular.

      PAZI  PAZLA ÇIXARDARLAR!

      Kitabın ədəbi məziyyətləri barədə geniş söhbət açmazdan əvvəl onu da bildirim ki, hər hansı bir bədii əsərdə  böyük bir toplüm, real insanlar,şəxsiyyətlər  bütün milli-mənəvi dəyərləri tapdalayaraq, ən çılpaq ifadələrlə  təhqir olunmursa (Məsələn, S.Rüşdünün "Şeytan ayələri" ), ictimai-siyasi əhəmiyyət daşımırsa  bu barədə kimlərinsə ictimai  rezonans doğurmağa çalışması, əleyhinə camaat arasında imza toplanılması, hətta  yuxarı dairələrə məktublar yazılması ilin ən gülünc, ən axmaq və ən məzhəkəli  olayı hesab oluna bilər. Hətta bu o qədər absurd bir şeydir ki, bu təbliğatın müəlliflərinin  əqli sağlamlığına da şübhə etmək olar. Guya ki, H.Mirzənin bu kitabına daxil edilmiş  "Paz" romanı erotik məziyyətlər daşıyır! Hərçənd ki, romanda bu barədə düşünməyə  səbəb olacaq  konkret və geniş faktlar yoxdur və romanın qayəsini tamam başqa mətləblər təşkil edir, amma lap əgər bu roman həqiqətən də erotikadırsa, bunun kimə nə dəxli var ki?! Bildirməliyəm ki, erotik əsər yaratmaq  çox çətindir və dünya  ədəbiyyatında betsellerə çevrilmiş ən gözəl ədəbi incilərin böyük əksəriyyəti məhz erotik məziyyətlər daşımışdır. Bunu qəbahət hesab edəriksə , onda  biz gərək Şekspiri, Stendalı, Ekzüperini, Emil Zolyanı, hətta Aqata Kristini də  qadağan olunmuş müəllif elan edək. Bunun nə qədər gülünc bir iddia olduğunu geniş təsvir etməyə dəyməz . Ən azı bundan xəbər tutan  Dünyanın aparıcı kitab naşirləri  barəmizdə  sivilizasiyanın uzaq bir küncündə olduğumuzu düzünəcək, amma "Ayın 32-ci günü" kitabının  tərcüməsi və dünyada geniş yayılması ilə bağlı müəlliflə təcili əlaqəyə girəcəklər. Əgər buna nail ola bilərlərsə, həmyerlimizin öz layiqli  şöhrətini əldə edəcəyi üçün o nadanlara təşəkkür etməsinə dəyər. Müasir ədəbiyyatla, xüsusən də postmodernizm cərəyanı ilə heç bir ilişgisi olmayan şəxslərin  bu kitabı oxumasını  qabaqcadan  nəşriyyat da özünün 2-ci səhifədəki  anatasiyasında  məsləhət bilməmişdi. Çünki bu kitab yalnız zər qədrini bilən şəxslər üçün nəzərdə tutulmuşdu. Amma əslində "Paz" romanı  heç də qeyri-adi bir süjet xəttinə malik deyil. Sadəcə bu romanda hər şey Azərbaycan ədəbiyyatı üçün yenidir və burada ədəbiyyat xamlarının dərk edə bilməyəcəyi çox şey var. Əsərdə hadisələr  cəmiyyətdən təcrid  edilmiş Almalıq adlı bir qəsəbədə cərəyan edir. Əski Sovetlər birliyində belə xutorlar uzaq Sibirdə yaradılır, oraya heç vaxt islah olunmayacaq ən qatı cinayətkarları toplayırdılar. Ən qatı cinayətkarlar özlərinin həbs müddətindən sonrakı məhkumluq dövrünü bu xutorlarda keçirir, bir növ burada "filtirizasiyadan" ( süzgəcdən) keçirilirdi. Elə bir yaşayış məntəqəsini müəllif  Azar-bezar adlı məchul bir şəhərdə yaradır və bizim milli cinayətkarlarımızı, eləcə də hakim Sovet rejiminin cinayətkar hesab etdiyi, amma əslində heç də  cinayətkar olmayan şəxsləri ( Molla Zeydulla və Əliş Əlişov ) bu qəsəbəyə  toplayır. Qəsəbənin Almalıq adlanması da təsadüfi deyil. Bu atəş hədəfinin tən ortası "almalığı" deməkdir. Yəni mövcud sovetlər cəmiyyətinin tən mərkəzi məhz bu cür cinayətkar mühitdən ibarətdir. Burada qatildən, tüfeylidən, oğrudan, əxlaqsızdan tutmuş, ta  hamını   çılpaq şerlərlə tənqid edən, hərəyə bir ad qoşan Kərəm Aşina obrazına kimi  hər cür  nalayiq şəxslər var. Onların ən ağıllısı demaqoqluqla ad çıxartmış, bunu özünə peşə etmiş Hop-gop  Ağarza  adlı birisidir. Bu ərazidə yeganə qəzet oxuyan, televizora baxan, radioya qulaq asan şəxs də elə odur. Buranı cəmiyyətə vurulmuş bir paz hesab etmək də olar.  Qəsəbəyə  təyin edilən sahə milis müvəkkilləri burada yalnız statistik  qeydlər aparmaqla məşğuldur və onlar burada işləməyi ən ağır cəza hesab edirlər. Növbəti  sahə milis müvəkkilinin xidmət müddəti başa çatmışdır və o şəhərə zəng vurub milis şöbəsinin rəisindən onun dəyişilmə  vaxtının çatdığını bildirir. Amma onu dəyişməyə kimsə yoxdur. Bu zaman təyinatla Milis şöbəsinə  Mərdəkan Milis məktəbini yenicə bitirmiş adı, soyadı çox böyük, özü isə bədəncə çox cılız olan Məhəmmədqulu Hacızərbəlizadəyev  adlı bir milis leytenantı  gəlir. Bu leytenant cinayət əməliyyat müfəttişi olmaq arzusu ilə yaşayır.  Ancaq Milis rəisi onun kimsəsizliyini əsas götürüb, birbaşa Almalıga göndərir və orada hər cür əməliyyat keçirtməyə səlahiyyəti olacağını bildirir. Bu gənc və çox çəlimsiz milis leytenantı Almalıga qədəm qoyduğu elə ilk gündəcə buradakı cinayətkarlar tərəfindən təhqir olunur, döyülür, söyülür. Sonra o qəsəbənin sakinləri barədə dosye ilə bir-bir tanış olduqca da dəhşətə gəlir. Qəsəbə həyatı ilə əyani tanışlığı da burada onu baş alıb gedən ən qatı özbaşınalıqlar, biabırçılıqlar, ağla sığmayan əməllərlə üzbəüz qoyur. Bir müddət buna  dözsə də, sonra  o bütün bu mühütə  qalib gəlmək, bu cəmiyyəti islah etmək qərarına gəlir. Və nəhayət o təsadüfən buna yol tapır. Elə buradaca əsərin "Paz" adlanmasının  əsil mahiyyəti üzə çıxır. Məhəmmədqulu Hacızərbəlizadəyev pazı pazla çıxartmaq, yəni buranın sakinlərinin başına onların törətdiyi əməllərdən daha dəhşətli əməllər gətirməyi qərara alır. Bundan ötrü o bütün qeyri-qanuni yollara əl atır. Hətta şəhərə gedib Dayandur adlı  bir əzvay və daha qatı cinayətkarı  buraya gətirir. Bu şəxs isə heç demə qanunların keşiyində durmalı olan Milis şöbəsinin rəis müavinidir. Hadisələr son dərəcədə  maraqlı, oynaq, şirin dillə təsvir olunur və bu zaman müəllif daha real obrazlar yaratmağa çalışır. Bu obrazları öz əxlaqlarına müvafiq tərzdə əməllərlə zənginləşdirir, onların dilindəki bir qisim söyüşləri də qismən, amma yumoristik məziyyətlərlə verir. Bu isə bəlkə də bu kitabın bədxahlarının əlinə onu erotik ədəbiyyat hesab etməkdə müəyyən qədər dəstəvüz verir, ancaq əslində çox adi qarşılanmalı və ədəbi priyom kimi qəbul edilməlidir. Məhəmmədqulu Hacızərbəlizadəyev qəsəbəyə daha betər paz vurmaqla buradakıların hamısını məglub və islah edə bilir, nəticədə Almalıq qəsəbəsində əski sovetlər dövrünün xülyası olan kommunizm qurur. Bundan ötrü cəmiyyətə  müəyyən illərdə kəskin represiyalarla paz vuran əski Sovet ideologiyasının da iç üzü açılır. Amma sanki hamını ram etmiş  sahə milis  müvəkkili əslində heç demə Demaqoq Hop-gop Ağarzanı ram etməyibmiş. Çünki belə bədxah insanlar həmişə cəmiyyəti tənqid etsələr də, əslində heç də bu cəmiyyətin düzəlməsinin  tərəfdarı deyillər. Buna görə Məhəmmədqulu Hacızərbəlizadəyevin "özünə" də bir "paz " vurulur və məhz bu "paza", yəni indi onu hədsiz dərəcədə çox tərifləməklə     qəsəbədən daha yüksək vəzifəyə apartdıraraq uzaqlaşdırırlar. Romanın sonunda bunu dərk edən Hacızərbəlizadəyev yenidən Almalığa qayıdır və... Əlbəttə, hər şey beləcə sadə və  adi qaydada baş vermir. Bundan ötrü hökmən romanı oxumaq lazımdır.

      OXUCULAR  ÜÇÜN  AYIN "32-Cİ GÜNÜ"

     Kitaba daxil edilmiş "Paravoz","Aqibət"," Prezident", xüsusən də "Qalanın son günü" hekayəsi bir sıra qəzet və jurnallarda dərc olunmuş və müəllifə hələ bu kitabdan əvvəl də məşhurluq qazandırmışdı. Tarixi Lənkəran qalası və  çar Rusiyasının onun uğrunda apardığı amansız müharibə ilk dəfə olaraq bu hekayədə qələmə alınmışdır."Müdrik alarvadı" hekayəsi də öz mövzu qeyri-adiliyi və müəllifin yumoristik, şirin dili etibari ilə oxuculara çox yaxşı töhvədir."Son məhəbbət" hekayəsini isə şəxsən mən son illərdə məhəbbət barədə oxuduğum ən yaxşı hekayə hesab edirəm."Bətndə" hekayəsi əsl fəlsəfi hekayə nümunəsidir.Müəllif eyni adlı ön sözündə kitabın işıq üzü göstərməsi üçün günlərin bir günü "Olaylar" İA-nın prezidenti Yunus Oğuzun sponsorluq etmək fikrində oduğunu bildirməsini öz həyatının 32-ci, yəni ömrünün fövqəladə, qeyri-adi və yazılmamış bir xoşbəxt günü hesab etdiyi kimi bütün intellektual oxucular da bu kitabla  tanışlığı öz ömürlərinin "32-ci günü" hesab edə bilərlər. Böyük ədəbi uğura imza atdığı üçün yazıçı dostumuzu təbrik edir, ona çoxdan öz nəşrini gözləyən digər kitablarının da bir "32-ci günə"  ürcah olmasını arzu edirik.

 

                                                                  ELŞAD SƏFƏRLİ
                                              filologiya elmlari namizədi,
 


Dərc etmək istədiyiniz hər bir yazı üçün müəllifdən halallıq almağı unutmayın!



Yüklənmiş mətnlər

Proza30
Poeziya24
Publisistika380

















"Qızıl qılınc" mükafatını alarkən

"Qeyrət" hekayəsinə mükafat

KİVDF-nin mükafatı verilərkən 

 Lənkəran Mədəniyyət Mərkəzi

   Böyük Şah İsmayıl Xətai